Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Kişinyovdakı səfirliyinin bomba təhlükəsi ilə bağlı bloklanması barədə Moldovanın Moskvadakı səfiri Lilian Dariusa etiraz edib.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti Moldovanın 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarını pozduğunu qeyd edib. Nazirliyin məlumatına görə, Moldova hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın Kişinyovdakı səfirini diplomatik nümayəndəliyə buraxmayıb, bununla da diplomatik nümayəndəliyin funksiyalarını yerinə yetirmək imkanlarını məhdudlaşdırıb, binanın içərisində olan şəxslər isə çölə çıxa bilməyiblər.
“Bir müddətdən sonra vəziyyət düzəldi və səfirliyin ətrafındakı kordon götürüldü. Moskva Moldova tərəfinin bundan sonra 1961-ci il Vyana Konvensiyasının müddəalarına ciddi əməl edəcəyini gözləyir”, - bəyanatda deyilib.
QAZİLER.AZ