Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynaya sülhməramlıların göndərilməsinin hələ tez olduğunu bildirib.
QAZİLER.AZ Teleqraf-a istinadən xəbər verir ki, o, BBC-yə müsahibəsində bu addımın yalnız atəşkəs və sülh prosesi başladıqları təqdirdə mümkün ola biləcəyini qeyd edib.
"Biz Ukraynada sülhün təmin olunması üçün konkret addımlar atmağa hazırıq, lakin hələlik hərbçi göndərməkdən danışmaq tezdir. Finlandiyanın Rusiya ilə 1340 km-lik sərhədi var və biz NATO-nun şimal sərhədlərini qoruyuruq," – deyə Stubb bildirib.
15 martda Stubb Böyük Britaniyanın təşkil etdiyi Ukrayna ilə bağlı virtual sammitdə iştirak edib. O, 20 martda Londonda "könüllü koalisiya"ya daxil olan ölkələrin hərbi rəhbərlərinin Ukraynaya dəstək məsələsini müzakirə edəcəyini qeyd edib.
Stubb Rusiyaya təzyiqin artırılmasını vacib sayaraq yeni sanksiyaların tətbiqini, dondurulmuş aktivlərin istifadəsini və Ukraynanın hərbi baxımdan gücləndirilməsini dəstəklədiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov NATO ölkələrinin hərbçilərinin Ukraynada mövcudluğunu Rusiya üçün ciddi təhlükə adlandırmış və bunun heç bir halda qəbul edilməyəcəyini bəyan etmişdi