Kürd peşmərgələrin ələ keçirdiyi İraqın şimalındakı Sincar şəhəri yaxınlığında kütləvi məzarlıq aşkarlanıb. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, yüksək ehtimalla İŞİD-in törətdiyi kütləvi qətliam nəticəsində üç böyük çuxurdan 190 nəfərin meyiti çıxarılıb. Onların hamısı yezidi kürdlərdir.
Bundan bir gün öncə isə başqa bir ərazidən yalnız yaşlı qadınların basdırıldığı çuxurdan 80 meyit çıxarılıb. Qadınların hamısı Sincarın yaxınlığındakı Koço kəndinin sakinləri olub. Yaşlı qadınlar cavanlardan ayrılıb və qətlə yetiriliblər.Başqa bir məzarlıqdan daha 10 kişinin meyiti çıxarılıb. Onların İŞİD-ə qarşı vuruşduqları ehtimal edilir. Ümumilikdə şəhərin bir neçə gün öncə İŞİD-dən alınmasından sonra 17 belə kütləvi məzarlıq tapılıb.
Xatırladaq ki, Sincar əsasən yezidi kürdlərin yaşadığı bölgədir və yerli əhali buranı müqəddəs şəhər adlandırır. İŞİD bu şəhərdə kütləvi qətllərdən başqa, çoxlu qadını və azyaşlını da girov götürərək qul bazarlarında satıb. Sincar Suriya sərhədinin 50 kilometrliyində yerləşir və Suriyanın Rəqqa şəhəri ilə İraqın Mosul şəhərini birləşdirən magistralın üzərindədir. Həmin şəhərlər isə hazırda İŞİD-in nəzarətindədir və terrorçu təşkilatın adı çəkilən ölkələrdə qalaları hesab edilir.