Parisdə törədilmiş terror aktları Suriyada planlaşdırılıb, qaçqın adı altında Avropaya keçən İŞİD üzvləri tərəfindən törədilib. Virtualaz.org saytı xəbər verir ki, bu bəyanatla Fransanın baş naziri Manuel Vals RTL radiostansiyasının efirində çıxış edib.
“Bu hücum Suriyada planlaşdırılıb, təşkil olunub. Terror aktları yaxın həftələrdə və aylarda yenidən təkrarlana bilər. Bunlara hazır olmaq lazımdır”- baş nazir deyib.Manuel Vals deyib ki, Fransa xüsusi xidmət orqanları digər Avropa ölkələrində planlaşdırılan hücumlar barədə də məlumatlıdır.
Bu arada terror aktlarının təşkilatçısının adı da məlum olub. O, 27 yaşlı suriyalı Abdelhamid Abauddur. A.Abaud Belçika vətəndaşlığı daşıyır. Onun adı bu ilin yanvar ayında İŞİD-in Belçikada baş tutmayan terror aktlarının təşkilində keçirdi. Abaud İŞİD-in ən fəal terrorçularından biridir, Suriyada döyüşür.
Habelə terror aktlarının ən azı iki icraçısının Avropaya Yaxın Şərqdən qaçqın adı altında daxil olduğu təsdiqlənib.
“Stade de France” stadionunun qarşısında özünü partladan 20 yaşlı Bilal Hadfi bir müddət Suriyada döyüşlərə qatılıb, daha sonra Belçikaya qayıdıb.
Daha bir terrorçu Əhməd əl-Muhammed Suriyanın İdlib rayonunun sakinidir. O da Suriyadan qaçqın adı altında Belçikaya daxil olub. Müəyyən edilib ki, həmin terrorçu oktyabrın 3-də qayıqla Yunanıstanın Leros adasına gəlib, oradan Belçikaya yollanıb.