Fransada dəhşətli terror: İŞİD Parisi partlatdı, 153 ölü -FOTO

Fransada dəhşətli terror: İŞİD Parisi partlatdı, 153 ölü -FOTO backend

Ötən gecə Fransa Parisdəki qanlı terror aktları ilə sarsılıb. APA TV-nin məlumatına görə, paytaxtda bir-birinin ardınca silahlı hücumlar və partlayışlar törədilib. Son məlumata görə, azı 153 nəfər ölüb. Paris prokurorluğu 5 terrorçunun məhv edildiyini, digərlərinin isə axtarıldığını elan edib.


Silahlı hücumlar Parisin 10-cu bölgəsindəki Karon küçəsi və 11-ci bölgəsindəki "Bataklan" konsert salonunda həyata keçirilib. Şahidlərin sözlərinə görə, 10-cu bölgədəki hücumda avtomobildən çıxan bir nəfər restoranın həyətindəki müştəriləri avtomatla gülləbaran edib. "Bataklan" konsert salonunun ətrafında isə üç terrorçu avtomatla kütləni və təhlükəsizlik qüvvələrini atəşə tutub. ABŞ-dan olan rok qrupunun konsertində iştirak edənlərdən bir hissəsi qaçıb canını qurtara bilsə də, 100-ə yaxın adam girov götürülüb. Onların arasında xeyli yaralı olub. Girovlardan bəziləri SMS yaza və sosial şəbəkələr vasitəsilə vəziyyət barədə məlumat verə biliblər. Onlar yazıblar ki, terrorçular girovları güllələməyə başlayıblar. Konsert zamanı zalda 500-ə yaxın adam olub.



Fransa və Almaniya milliləri arasındakı yoldaşlıq görüşü zamanı Parisin "Stad de Frans" stadionu ətrafında bir neçə partlayış törədilib.

Stadion ətrafında 3 partlayışın olduğu bildirilir. Oyunu Fransa prezidenti Fransua Olland da izləyirmiş. O, dərhal təxliyə edilib.

Ümumilikdə Parisin azı altı məhəlləsində naməlum şəxslər adamları gülləbaran ediblər. Hadisələrin hamısı şəhərin sağ sahilində baş verib.



Fransa prezidenti Fransua Olland bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib, sərhədlər bağlanıb. Paytaxtda 1500 hərbçi səfərbər olunub.

Parisin xəstəxanaları fövqəladə iş rejiminə keçib. Xeyli sayda adamın yaralandığı, onlardan bir çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

Bu gün Paris və ətrafındakı bütün təhsil müəssisələri bağlı olacaq. Şəhər rəhbərliyi sakinləri evdən çıxmamağa çağırıb.



İŞİD terror təşkilatı Parisdəki qanlı terrora görə məsuliyyəti üzərinə götürüb. Təşkilat bəyan edib ki, bu, Suriyadakı hadisələrin intiqamıdır.


Diaspora