ABŞ Prezidenti Donald Tramp fevralın 22-də bəyan edib ki, ABŞ Ukraynaya ayırdığı milyardlarla dolların geri qaytarılmasını tələb edir. O, Ukraynanın nadir metalları və neft ehtiyatlarının üzərində nəzarəti kompensasiya olaraq tələb edir.
“İstəyirəm ki, onlara yatırdığımız bütün pulları qaytarsınlar. Biz nadir metalları və nefti - əldə edə biləcəyimiz hər şeyi istəyirik”, – deyə Tramp Vaşinqton yaxınlığında keçirilən Konservativ Siyasi Fəaliyyətlər Konfransında (CPAC) bildirib.
Bu açıqlama Vaşinqton və Kiyev arasında Ukraynanın mineral ehtiyatları ilə bağlı mümkün razılaşma müzakirələri fonunda səsləndirilib. Trampın Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq həftənin əvvəlində Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Kelloq görüşdə bildirilib ki, Zelenski ABŞ-la razılaşmanın mümkün nəticələrini anlayır və Kiyev Vaşinqtonun dəstəyini qorumaq üçün bu variantı nəzərdən keçirir. O, eyni zamanda Ukrayna Prezidentini cəsarətinə görə tərifləyib.
ABŞ administrasiyasının təklif etdiyi razılaşma Vaşinqtona Ukraynaya verdiyi hərbi və maliyyə yardımlarına kompensasiya olaraq nadir metallar və digər təbii resurslar üzərində haqq verir. Bu isə Vaşinqtonun Ukrayna siyasətində yeni bir yanaşmaya keçdiyini və dəstəyin artıq şərtsiz olmayacağını göstərir.
Bu addım Ukraynanın iqtisadi və geosiyasi mövqeyi üçün nə vəd edir? ABŞ-ın yardımları geri tələb etməsi Kiyevin manevr imkanlarını necə məhdudlaşdıracaq? Dünya bu məsələni diqqətlə izləyir.(Musavat.com)