Türkiyənin 8 şəhərində Güney Azərbaycandakı soydaşlarımıza dəstək üçün aksiyalar keçiriləcək. Axar.az xəbər verir ki, artıq bununla bağlı Feysbukda “Güney Azərbaycan oyanışına səs ver” səhifəsi yaradılıb. Səhifə moderatorları Türkiyə vətəndaşlarına bu müraciəti paylaşıblar:
“İran molla və fars şovinist rejiminə qarşı Güney Azərbaycan və Türmən səhranın müstəqilliyi yolunda bütün Türkiyəni meydanlara dəvət edirik. Son zamanlarda İran mediasında türklərə qarşı təhqiredici şərhlər yerləşdirilir. 2006-cı ildə türk uşağının hamam böcəyinə bənzədilməsi, İran adlanan ölkənin türk bölgələrində böyük etirazlara səbəb yaratdı. Son günlərdə Güney Azərbaycandan olan türk ailəsinə diş fırçası əvəzinə tualet fırçasını tövsiyə edən televiziya proqramlarından sonra Güney Azərbaycanımızın hər yerində böyük aksiyalar keçirildi. Bir neçə insan öldürüldü, onlarla şəxs yaxalanıb həbsə salındı. Soydaşlarımızın səsinə səs verməniz üçün sizi meydanlarda gözləyirik”.
Etirazların keçiriləcəyi bölgələrin siyahısını və zamanını təqdim edirik:
Ankara: Noyabrın 14-ü yerli vaxtla saat 14:00, Koğulu park
İstanbul: Bazar günü, saat 15:00, İran konsulluğunun qarşısı
İzmir: Bazar günü, saat 15:00, Kıbrıs şəhidlər caddəsi
Antalya: Bazar günü, saat 15:00, kapalı yol
Ərzurum: Bazar günü, saat 15:00, İran konsulluğunun qarşısı
Kocaeli: Bazar günü, saat 13:00, Cümhuriyyət parkı
Aydın: Bazar günü, saat 15:00, Sevgi yolu ziraat bankası
Təkirdağ: Bazar günü, saat 15:00, Tuğlalı parkı
Xatırladaq ki, noyabrın 14-ü yerli vaxtla saat 11:00-da Vaşinqtonda Ağ Ev qarşısında da etiraz aksiyası keçiriləcək. Aksiyaların təşkilatçısı Turançı Hərəkat Partiyasıdır.