Birləşmiş Ərəb Əmirlikləri Ukraynaya silah və hərbi texnika satacaq

Birləşmiş Ərəb Əmirlikləri Ukraynaya silah və hərbi texnika satacaq backend

İki ölkə arasında hərbi-texniki sahədə anlaşma Memorandumu imzalanıb Ukrayna prezidenti Pyotr Poroşenko Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) rəhbərliyi ilə silah tədarükü barədə razılığa gəlib.

APA-nın məlumatına görə, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri, deputat Anton Geraşşenko özünün “Facebook” səhifəsində yazıb. O bildirib ki, razılıq Ukrayna lideri ilə BƏƏ-nin ali baş komandan müavini, Əbu Dabi əmirliyinin vəliəhdi Məhəmməd əl-Nahyan arasındakı görüş zamanı əldə olunub. Danışıqlar Pyotr Poroşenkonun “İDEX-2015” sərgisində iştirakı çərçivəsində əmirliyin paytaxtında aparılıb.

A. Geraşşenko BƏƏ-dən alınacaq silah və hərbi texnikanın növü və miqdarını açıqlamayıb: “Avropalılar və amerikalılardan fərqli olaraq, ərəblər Ukraynaya silah və hərbi texnika veriləcəyi halda 3-cü dünya müharibəsinin başlanacağı ilə bağlı Putinin təhdidlərindən qorxmur. Deyəsən, neftin qiymətinin iki dəfə azalması və qlobal qeyri-stabilliyin yaranması kimi BƏƏ-nin uzunmüddətli inkişafına mane olan amillərə görə onların Putinlə öz hesabları var. Yəni bu, onları kiçik intiqamı olacaq”.

APA-nın Əbu Dabiyə ezam olunmuş müxbirinin xəbərinə görə, “ADEX-2015” sərgisinə qatılan Ukrayna prezidenti Pyotr Poroşenko jurnalistlər üçün brifinq keçirib. O, BƏƏ ilə Ukrayna arasında hərbi-texniki sahədə anlaşma Memorandumunun imzalandığını bildirib. Prezident qeyd edib ki, silah alqı-satqısı ilə bağlı çox vacib danışıqlar aparılıb, bu da dövlətin müdafiə qüdrətini artıracaq: “Biz hərbi gücümüzü ölkəni müdafiə etmək, onun ərazi bütövlüyünü qorumaq üçün artırırıq. Bizim heç kimə hücum etmək niyyətimiz yoxdur”.

P. Poroşenko sərgidə təmsil olunan aparıcı müdafiə şirkətlərinin stendlərini ziyarət edib. Sonda o, Ukrayna milli stendini ziyarət edib və orada nümayiş olunan hərbi texnika ilə tanış olub. Prezident mütəxəssislərlə söhbət edib, onların problemləri və çətinlikləri ilə maraqlanıb.
Diaspora