İranın Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olması məsələsi 2-3 il ərzində həll oluna bilər, Tehran, ümumilikdə, bu ideyanı alqışlayır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın rabitə və kommunikasiyalar naziri, İran-Rusiya hökumətlərarası komissiyasının həmsədri Mahmud Vaəzi bildirib.
“Bütövlükdə, biz bu ideyanı alqışlayırıq. Lakin, bu cür kompleks məsələ üzrə diskussiyalar üçün vaxt tələb olunur. Müxtəlif nazirliklər səviyyəsində böyük iş aparılmalıdır, müxtəlif məsələlərə baxılmalıdır, danışıqlar 2-3 il davam edə bilər”, deyə o Moskvada keçirilən İran-Rusiya hökumətlərarası komissiyasının iclası çərçivəsində jurnalistlərə bildirib.Avrasiya İqtisadi Birliyi bu ilin yanvarın 1-dən fəaliyyət göstərən Gömrük İttifaqı və Vahid İqtisadi Məkanın bazasında yaradılan beynəlxalq iqtisadi birlikdir. Hazırda Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan AİB üzvüdür.