Suriyadakı münaqişənin həlli üçün Rusiya daxil olmaqla bütün əsas oyunçuların iştirakı vacibdir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Süzan Rays bildirib.
“ABŞ dövlət katibi Con Kerri Suriya üzrə əsas oyunçuları problemin həlli məqsədilə Vyanada təkrar bir araya topladıqdan sonra “Böyük İyirmilik” sammiti öz işinə başlayacaq”, deyə o jurnalistlərin ABŞ və Rusiyanın bu mövzuda təmaslarının olub-olmaması ilə bağlı sualına cavabında bildirib.Onun sözlərinə görə, ABŞ əsas oyunçuların hamısı ilə işləyir.
“Rusların, bizim və digərlərinin öz fərqli ideyaları var. Vyanada keçiriləcək diskussiyalar orta məxrəcə gəlmək üçün bir şans olacaq”, deyə Rays bildirib. Onun sözlərinə görə, Vaşinqton Suriyadakı münaqişənin nizamlanması üçün bütün əsas oyunçuların iştirakının vacib olduğunu anlayır.