Böyük Britaniya Suriyadan miqrant axınının qarşısını almaq üçün Türkiyəyə maliyyə yardımı təklif edən yeganə dövlətdir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Guardian” nəşri məlumat yayıb.
“Böyük Britaniya istisna olmaqla, Almaniya daxil olmaqla heç bir ölkə üç milyard avro məbləğində müəyyən edilmiş yardımdan paylarına düşən hissəni Türkiyəyə ödəməyi vəd etməyib. Bu Böyük Britaniya-Aİ münasibətlərinin tarixində unikal hadisədir. Baş nazir Devid Kemeron Türkiyə planının icrası üçün 400 mln avro ayırmağı vəd edib. Böyük Britaniya miqrant axınının qarşısını almaq üçün Türkiyəyə maliyyə yardımı təklif edən yeganə dövlətdir”, deyə nəşr qeyd edib.
Qeyd edək ki, yaxın günlərdə miqrasiya problemi ilə bağlı keçiriləcək sammitdə Aİ Türkiyə ilə tədbirlər planını razılaşdırmaq niyyətindədir. Plan miqrant axınının qarşısını almaq üçün Aİ tərəfindən Türkiyəyə 3 mlrd avro məbləğində maliyyə yardımının ayrılmasını, Türkiyənin Aİ-yə üzv olmasına dair danışıqların aktivləşdirilməsini və vizaların ləğvi prosesinin tezləşdirilməsini nəzərdə tutur.