Şimali İraq kürd muxtariyyətinin Peşmərgə güçləri Sincar şəhəri və ətraf əraziləri İŞİD terror təşkilatından azad etmək üçün 7500 nəfərlə genişmiqyaslı əməliyyata başlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə kürd muxtariyyətinin lideri Məsud Bərzaninin xarici əlaqələr üzrə müşaviri Hemin Havrami bildirib.O, strateji əhəmiyyətə malik Sincar ilə Suriyanın Rakka şəhəri arasındakı yolun da peşmərgənin əlinə keçdiyini söyləyib. Kürd muxtariyyətinin Təhlükəsizlik Şurasının “Sincara azadlıq” adını verdiyi əməliyyatda iştirak üçün daha 20 min peşmərgə hazır vəziyyətdə dayanıb.
Peşmərgə gücləri Sincar dağı və ətəyindəki Sincar şəhərinə doğru üç tərəfdən irəliləyir. “Rudaw” saytının məlumatına görə, peşmərgələr əvvəl top və raketlərlə İŞİD-in mövqelərini vurub, daha sonra isə ağır silahlarla irəliləməyə başlayıb.
Peşmərgə güclərinin tərkibindəki xüsusi təyinatlı qüvvələrin komandiri Əziz Veysi say baxımından böyük bir peşmərgə gücünün əməliyyata qatıldığını və heç bir probleminin olmadığını deyib.