Norveç 2022-ci ilin fevralından 2024-cü ilin dekabrınadək ixrac etdiyi qazdan təxminən 100 milyard dollar əlavə mənfəət əldə edib.
Qaziler.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti məlumat dərc edib.
Məqalə müəllifinin yazdığına görə, krallıq yanacaq satışının həcmini kəskin şəkildə artırıb. Hesabat dövründə ixrac gəlirləri 5 dəfə artıb. Bunun iki səbəbi var: yanacağın ixracının həcminin artması və qazın Ukraynadakı münaqişədən əvvəlkindən xeyli baha qiymətə satılması.
Noyabrın ikinci yarısında Rusiyanın Norveçdəki səfiri Nikolay Korçunov bildirib ki, bir sıra Aİ ölkələrinin Rusiya qazını almaqdan imtina etməsi fonunda krallıq 115 milyard dollardan çox gəlir əldə edib.
O xatırladıb ki, Norveç Aİ-nin bütün anti-Rusiya sanksiyalar paketlərinə qoşulub. Eyni zamanda, sanksiyalar krallığın iqtisadiyyatına müxtəlif təsirlər göstərib. Bir tərəfdən Norveç rus qazını sıxışdıraraq layiqli qazanc əldə edib, digər tərəfdən Oslo Moskva ilə ikitərəfli ticarət-iqtisadi əlaqələri məhv etmək qərarına gəlib.
QAZİLER.AZ