İsrail və Fələstin HƏMAS hərəkatı arasında atəşkəs Qəzzada aclığın qarşısını almağa kömək etdi. Lakin vəziyyət qeyri-sabit olaraq qalır.
QAZİLER AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Tom Fletçer "Associated Press" agentliyinə müsahibəsində bildirib.
“Hesab edirəm ki, aclıq təhlükəsinin qarşısı böyük ölçüdə alınıb. Qidalanma səviyyəsi atəşkəsdən əvvəl olduğundan aşağıdır. Vəziyyət hələ də dəhşətlidir və insanlar hələ də acdırlar”, - deyə o bildirib.
Fletçer xəbərdarlıq edib ki, atəşkəs pozularsa, aclıq tezliklə Qəzzaya qayıdacaq.
Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.