Yaponiya ABŞ-dən münasib qiymətlərlə enerji resurslarının stabil tədarükündə maraqlıdır.
QAZİLER.AZ “Report”-a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Siqeru İsiba mayeləşdirilmiş təbii qazın (LNG) idxalının artırılması ilə bağlı ABŞ Prezidenti Donald Trampla danışıqların yekunu üzrə əldə olunan razılaşmanı şərh edərkən deyib.
“Alyaskada yeni yataq işlənilir. Təbii ki, boru xətti çəkilməlidir. Bununla belə, onun məsafə baxımından yaxın və təchizatın sabit olması vacibdir. Yaponiyanın enerji ilə özünü təmin etmə səviyyəsi gələcəkdə artacaq. Lakin bu, bir gecədə baş verməyəcək. Ona görə də təbii ki, münasib qiymətlərlə stabil tədarük ölkəmizin milli maraqlarına uyğundur”, - hökumət başçısı əlavə edib.
Qeyd edək ki, söhbət Alyaskadakı ərazilərdən gedir. Oradan tədarükləri həyata keçirmək üçün yataqları ABŞ-nin qərb sahilindəki limanla birləşdirmək, yanacağın Asiyaya ixracı planlaşdırılan bir boru kəməri çəkmək lazımdır. Boru kəmərinin uzunluğu 1,3 min km olacaq və ümumilikdə layihə 44 milyard dollar dəyərində qiymətləndirilir.