Argentina ABŞ-dən nümunə götürərək, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq qərarına gəlib.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu haqda Argentina prezidenti Xavyer Xerardo Mileyin sözçüsü Manuel Adorni jurnalistlərə bildirib. Onun sözlərinə görə, dövlət başçısı artıq Argentina Xarici İşlər Nazirliyinə müvafiq tapşırıqlar verib.
“Prezident Miley xarici işlər nazirinə Argentinanın Ümumdünya Səhiyyə Təşkilatındakı iştirakını dayandırmağı tapşırıb. Biz - argentinalılar, beynəlxalq təşkilatın suverenliyimizə, hətta sağlamlığımıza daha müdaxilə etməsinə icazə verməyəcəyik”, - Adorni deyib.
O qeyd edib ki, ÜST-ün işi xüsusilə pandemiya zamanı səhiyyə sisteminin idarə olunması ilə bağlı dərin mübahisələrə səbəb olub. Miley-in nümayəndəsi həmçinin bildirib ki, Buenos-Ayres təşkilatdan heç bir maliyyə almayıb və buna görə də qərar heç bir şəkildə xidmətlərin keyfiyyətinə təsir etməyəcək və dövlət üçün heç bir vəsait itkisinə səbəb olmayacaq.
QAZİLER.AZ