Rusiya sakinləri "TikTok" tətbiqinin pis işləməsindən şikayətlənirlər.
QAZİLER.AZ Musavat.com-a istinadən xəbər verir ki, "Sboy.rf" səhifəsində şikayətlərin sayı artıq 20 mini keçib.
Məlumata görə, 25 yanvar tarixinə olan vəziyyətə əsasən, tətbiq ilə bağlı 21 493 şikayət qeydə alınıb. Bu nasazlıqlar barədə Moskva, Sankt-Peterburq, Xabarovsk vilayəti, Novosibirsk, Çelyabinsk və Sverdlovsk vilayətlərinin sakinləri məlumat verirlər.
Başqa bir nasazlıq izləmə platforması olan "Downdetector" isə istifadəçilərin "TikTok" tətbiqini yükləyərkən uzun müddət gözləmək məcburiyyətində qaldıqlarını göstərir. Bundan əlavə, ruslar şəxsi hesablarına daxil ola bilmədiklərini və məzmunu tez yükləyə bilmədiklərini bildirirlər.
Xatırladaq ki, 10 gün ərzində istifadəçilər Rusiya internetində ikinci dəfə kütləvi nasazlıqla üzləşiblər. Şikayətlər əsasən Rusiya operatorlarının istifadəçiləri tərəfindən edilib. Bəzi vebsaytlar ya yavaş açılır, ya da ümumiyyətlə açılmır. Həmçinin "Telegram"a daxil olmaqda çətinliklər yaşanıb. Kreml qeyd edib ki, "Runet"dəki nasazlıqlarla mübarizə əlavə səylər tələb edir.
Əhaliyə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə (“Roskomnadzor”) müraciət etmələri tövsiyə olunub.