Nazirlik hər 10 saniyədə bir can alan xəstəliklə bağlı aksiya keçirir

Nazirlik hər 10 saniyədə bir can alan xəstəliklə bağlı aksiya keçirir backend

Hazırda dünyada hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə diabetdən dünyasını dəyişir. Təəssüf ki, Azərbaycanda da şəkərli diabetdən əziyyət çəkənlərin sayı artır.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər. Xəbərdə deyilir ki, düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir.

Diabet göstəricilərinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Dünyada şəkərli diabetə düçar olmuş insanların sayı 300 milyona yaxındır.

Nazirlikdən onu da qeyd ediblər ki, ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Həmçinin, şəkərli diabetdən ölüm göstəricisi enib.

Nazirlik noyabrın 13-də “Gəlin, sağlam qidalanmanı imtiyaz kimi yox, haqq kimi qəbul edək. Sabahı dəyişmək üçün bu gün hərəkətə keçək!” şüarı altında aksiya keçirəcək.

Ümumdünya Səhiyyə Təşkilatının 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə “ağır xroniki xəstəlik” kimi qələmə verdiyi şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır.

Xatırladaq ki, noyabrın 14-ü Ümumdünya Diabet Günüdür.
Diaspora