ABŞ-nin seçilmiş prezidenti Donald Tramp yanvarın 20-si baş tutacaq inaqurasiya mərasimi üçün rekord məbləğ - 250 milyon dollar toplayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "ABC" telekanalı mənbəyə istinadən məlumat verib.
Məlumata görə, vəsait Trampın və onun vitse-prezidenti Ceyms Devid Vensin inaqurasiya komitəsi, eləcə də digər böyük təşkilatlar tərəfindən yığılıb. Müqayisə üçün qeyd edək ki, Trampın 2017-ci ildə baş tutan əvvəlki inaqurasiyası üçün cəmi 107 milyon dollar toplanmışdı.
Teleşirkətin məlumatına görə, respublikaçının andiçmə mərasimi iri texnologiya şirkətləri tərəfindən maliyyələşdiriləcək və onların rəhbərləri yanvarın 20-də Vaşinqtonda keçiriləcək tədbirdə iştirak edəcəklər. Onların sırasında "Meta", "Apple", "Amazon", "Google", "Microsoft", "OpenAI" və "Uber" də var.
Mənbələr məlumat veriblər ki, həmçinin kriptovalyuta sənayesinin əsas oyunçuları da maliyyələşdirmədə iştirak ediblər - "Ripple" 5 milyon dollar, "Robinhood" - 2 milyon dollar, "Coinbase" - 1 milyon dollar sərmayə qoyub.