Kaliforniya ştatının Los-Anceles dairəsində meşə yanğınları Parisin ərazisindən daha böyük sahəni əhatə edib.
TASS xəbər verir ki, bu barədə Kaliforniya Meşə Təsərrüfatı və Yanğın Təhlükəsizliyi Departamentinin məlumatında deyilir.
Yanğınlar 16,3 min hektar və ya 163 kvadratkilometr ərazini əhatə edib. Qurumun statistikasında ən azı 4 hektar ərazini əhatə edən yanğınlar nəzərə alınır, yəni ümumi hesablamaya həm ciddi dağıntılara səbəb olan böyük yanğınlar, həm də yalnız bitki örtüyünü əhatə edən və tez söndürülən kiçik yanğınlar daxildir.
Fransanın Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, Parisin sahəsi 105,4 kvadratkilometrdir. Beləliklə, Kaliforniyada meşə yanğınları Fransa paytaxtının sahəsindən daha böyük ərazini əhatə edib. Böyük Paris metropoliyası - paytaxt və şəhərətrafı ərazilər 750 kvadrat kilometrdən çox ərazini əhatə edir.
Departamentin statistikası ilin əvvəlindən baş vermiş bütün yanğınları, o cümlədən Los-Anceles dairəsində yanvarın 7-dən tüğyan edən ən böyük yanğınları əhatə edir. Onlardan ən böyük iki yanğın - "Palisades" və "Eaton" 152 kvadratkilometr ərazini əhatə edib. Ərazi qurumunun rəsmi saytında verilən məlumata görə, Los-Anceles dairəsinin ümumi sahəsi 10,5 min kvadratkilometrdən çoxdur.
Report.az