Kaliforniyanın Los-Anceles şəhərində ən azı 10 nəfərin öldüyü meşə yanğınları nəticəsində minlərlə bina, o cümlədən Hollivud ikonaları yanıb. Evlərini itirən ərazidə yaşayanlar arasında Hollivud məşhurları da var.
QAZÍLER.AZ Lent.az-a istinaden verdiyi məlumata görə, evləri yanan məşhurlar arasında Billi Krystal, Diane Varren, Mendi Mur və Mel Gibson da var.
“Harry Met Sally” filminin ulduzu Billi Kristal 46 ildir yaşadığı evin tamamilə dağıldığını və yalnız bir tennis kortunun qaldığını bildirərək həyat yoldaşı Cenis ilə birgə açıqlamasında bu açıqlamaları verib:
"Şahid olduğumuz və yaşadığımız dağıntıların miqyasını sözlə ifadə etmək mümkün deyil. Cenislə 1979-cu ildən bu evdə yaşayırdıq. Uşaqlarımızı, nəvələrimizi burada böyütdük. Evimizin hər küncü sevgi ilə dolu idi. Çox gözəl xatirələrimiz var... Əlbəttə ki, ürəyimiz parçalanıb, amma övladlarımızın, dostlarımızın sevgisi ilə bunun öhdəsindən gələcəyik”.
Qremmi mükafatlı bəstəkar Diane Varren evinin qarşısındakı mənzərəni paylaşaraq 30 ildir yaşadığı yerin bir andaca yoxa çıxdığını qeyd edib. Eyni zamanda, bölgədə heyvanların xilasetmə mərkəzini də idarə edən müəllif heyvanların təhlükəsiz yerdə olduğunu bildirib.
Aktrisa və musiqiçi Mendi Murun həyat yoldaşı, “Daves” qrupunun üzvü Teylor Qoldsmit ilə paylaşdığı Altadenadakı evi yanğın nəticəsində ciddi ziyan görüb.
Mur açıqlamasında evin əsas hissəsinin hələ də ayaqda olduğunu qeyd edib.
Beyonsun anası Tina Noulz da Malibudakı evini itirib.
"O, mənim sevimli yerim, ziyarətgahım, tək xoşbəxt olduğum yer idi, indi isə yoxdur!”, - deyə Noulz bildirib.
Mel Gibson da yanğında evi yanan məşhurlar arasındadır.
Gibson yaşadığı hadisə səbəbiylə çox duyğusal olduğunu söyləyib: “Bilirsiniz, mən uzun müddət orada yaşadım və hər şeyim orada idi. Lakin hər şey məhv oldu".
Hazırda təxminən 30 min hektar əraziyə təsir edən meşə yanğınları Los-Anceles tarixinin ən dağıdıcı yanğınları sırasındadır.
Qeyd edək ki, bundan əvvəl Los-Ancelesdə bir neçə Hollivud ulduzunun evinin yanması barədə artıq xəbər vermişdik.