Azərbaycan Ümumdünya İqtisadi Forumunun (World Economic Forum – WEF) hazırladığı 2024-cü ilin enerji keçidi İndeksinə (Energy Transition Index, ETI) görə, Müstəqil Dövlətlər Birliyindən (MDB) olan bütün dövlətləri üstələyib.
QAZÍLER.AZ Trend-e istinaden xəbər verir ki, Azərbaycan 120 ölkə arasında ümumilikdə 60.3 bal toplamaqla 38-ci yerdə qərarlaşıb və bununla da bütün MDB ölkələrini və qonşu dövlətləri geridə qoyub. Qonşuları arasında Azərbaycan Ermənistandan (79-cu yer, 52.7 bal), Gürcüstandan (56-cı yer, 56.3 bal), Türkiyədən (59-cu yer, 55.8 bal) və İrandan (102-ci yer, 49.0 bal) üstün olub.
Azərbaycan eyni zamanda, Mərkəzi Asiyadan Qazaxıstan (98-ci yer, 50.1 bal), Qırğızıstan (80-ci yer, 52.7 bal) və Tacikistan (71-ci yer, 53.6 bal) kimi ölkələri geridə qoyaraq, bir daha Xəzər dənizi regionunda lider olduğunu təsdiqləyib.
Qeyd edək ki, Özbəkistan və Türkmənistan reytinqə daxil edilməyib.
WEF göstəricilərinə əsasən, dünya üzrə orta göstərici 56.5 bal olub ki, bu da Azərbaycanın reytinqindən kifayət qədər aşağıdır.
Reytinqin liderləri isə Şimali Avropa ölkələri olub: İsveçrə 78.4 bal göstəricisi ilə reytinq cədvəlinə başçılıq edir. İkinci yerdə 75.2 balla Danimarka qərarlaşıb. Üçüncü yerdə isə 74.6 balla Finlandiya mövqe tutub.
Onu da qeyd edək ki, 2024-cü il üzrə enerji keçid indeksi ölkələrin tərəqqisini müqayisə etməyə və izləməyə imkan verən vahid metodologiya əsasında onların enerji sistemlərinin kompleks şəkildə qiymətləndirilməsini təmin edir.
ETİ ölkələri başlıca olaraq iki əsas meyar əsasında qiymətləndirir: Sistemin effektivliyi və keçidə hazırlıq səviyyəsi.
Sistemin effektivliyi meyarına enerji əlçatanlığı, təhlükəsizlik və dayanıqlılıq kimi aspektlər daxildir. Keçidə hazırlıq meyarı isə bir sıra faktorları, o cümlədən nizamlanma, siyasi bağlılıq, maliyyələşmə, investisiyalar, innovasiyalar, infrastruktur və təhsil kimi faktorları təhlil edir. Ölkənin yekun balı bu iki meyar üzrə nəticələrin məcmusu əsasında (müvafiq olaraq 60 və 40 faiz çəki ilə) müəyyənləşir.
WEF məlumatlarına görə, ölkələrin böyük əksəriyyəti enerji keçidində irəliləyiş nümayiş etdirir. Şimali Avropa dövlətləri reytinqə başçılıq edirlər, Çin, Braziliya kimi ölkələr isə əvvəlki illərlə müqayisədə öz mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıblar.