ABŞ-nin hazırkı prezidenti Co Bayden dövlət başçısı vəzifəsini tərk etməzdən əvvəl Amerika vətəndaşlarına iki dəfə müraciət etməyi planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Jurnalistlər yanvarın 12-də Ağ Ev sahibinin ilk çıxışını edəcəyini öyrənib. Baydenin bu çıxışı onun xarici siyasətinin nailiyyətlərinə həsr olunacaq.
Xüsusilə, Bayden NATO və Ukraynanın maliyyəsi sayəsində ölkənin mövqelərinin gücləndiyini açıqlayacaq. Bundan əlavə, o, Hind-Sakit okean regionu dövlətləri ilə əlaqələrin inkişafından danışacaq.
Sonra prezident ikinci nitqlə çıxış edəcək və orada dövlət qulluqçusu kimi fəaliyyətinə yekun vuracaq. Bayden dövlət başçısı kimi son dörd ili ilə bağlı fikirlərini bölüşəcək və bundan əvvəlki onilliklər ərzində qazandığı nailiyyətləri vurğulayacaq.
Xatırladaq ki, Amerikanın yeni seçilmiş lideri Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə planlaşdırılıb. Ağ Evin mətbuat xidmətinin rəhbərinin müavini Endryu Beytsin sözlərinə görə, Co Bayden və həyat yoldaşı Cil Bayden mərasimdə iştirak etmək niyyətindədirlər.
QAZİLER.AZ