Macarıstan Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa edib.
“Report” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto sosial şəbəkələrdəki paylaşımında bildirib.
"Son həftələrdə dünyanın diqqəti Suriyada baş verən hadisələrə yönəlmişdi. Hazırda silahlı toqquşmalar səngiyib və təhlükəsizliklə bağlı vəziyyət sabitləşib. Buna görə də biz Macarıstanın Dəməşqdəki səfirliyini yenidən açmağa qərar verdik", - o qeyd edib.
P.Siyartonun sözlərinə görə, diplomatik nümayəndəliyin fəaliyyətinin bərpası ölkədə baş verən proseslər haqqında etibarlı məlumat əldə etməyə, öz siyasi mövqeyini təqdim etməyə və lazım gəldikdə, Macarıstan vətəndaşlarının maraqları naminə fəaliyyət göstərməyə imkan verir.
"Bununla yanaşı, Dəməşqə qayıdan səfirimiz iki ən böyük xristian konfessiyasının liderlərini ziyarət edən ilk və hələlik yeganə qərb diplomatı olub", - o vurğulayıb.