Suriyada baş verən siyasi dəyişikliklərdən sonra keçid hökuməti regional və beynəlxalq münasibətlərin qurulması üçün bir çox addım atır. Məhəmməd əl-Bəşir Suriyada müvəqqəti hökumətin başçısı təyin edilib və hökumət onun rəhbərliyi altında üç ay ərzində formalaşdırılacaq. Bu müddətdə isə diplomatik münasibətlərdə nələr baş verdiyinə, keçirilən rəsmi görüşlərə nəzər salmaq olar.
QAZÍLER.AZ Musavat.com-a istinaden hakimiyyət dəyişikliyindən sonra Suriyaya səfər edən diplomatlarla bağlı məlumatları təqdim edir:
Türkiyə Xarici işlər naziri Hakan Fidanın Suriyanın paytaxtı Dəməşqə getdiyinə dair xəbər yayılsa da, sonradan təkzib edildi.
Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) sədri İbrahim Kalın isə dekabrın 12-də Dəməşqə səfər edib. Məlumata görə, İbrahim Kalın səfər çərçivəsində Əməvi Məscidini ziyarət edib. Sosial şəbəkələrdə yayılan görüntülərdə onun Dəməşqdə, Əməvi Meydanında olduğu görünüb. Dekabrın 29-da isə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyaya səfər edib. Yalçın Rəfiyevlə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında keçirilən görüşdə Azərbaycanın yeni mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğu bildirilib.
Hazırda Almaniya xarici işlər naziri Annalena Berbok və Fransa xarici işlər naziri Jan-Noel Barro Dəməşqdə səfərdədirlər. Nazirlər Dəməşqdəki Xalq Sarayında Suriya lideri Əhməd Əl-Şaraa ilə görüşüblər. Öncədən də xəbər verildiyi ki, XİN başçıları Suriyada Aİ-ni təmsil edirlər. Məlumata görə, Almaniya XİN başçısı Rusiya hərbi bazalarının Suriyanın Latakiya əyalətindən çıxarılmasını istəyib.
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir.
Diplomatik təmaslar ölkə xaricində də həyata keçirilir. Belə ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan əl Səud Ər-Riyadda Suriya keçid hökumətinin xarici işlər naziri Əssad Həsən əl-Şibani ilə görüşüb. Görüş zamanı Suriyanın ərəb və İslam dünyasında lazımi statusuna qaytarılması ilə bağlı məsələlərin həlli yolları müzakirə edilib.