Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan geniş heyətlə Suriyaya səfər edəcək.
Bu barədə hökumətyönlü "Hürriyet" qəzeti məlumat verib.
Lakin nəşr Türkiyə liderinin Dəməşqə səfərinin vaxtı ilə bağlı dəqiq tarixi göstərməyib.
"Suriyada keçid hökuməti sürətlə formalaşdırılacaq. Prezident Ərdoğan sərmayələrə cavabdeh nazirlər də daxil olmaqla, böyük bir heyətlə Dəməşqə səfər edəcək", - deyə qəzetin köşə yazarı Abdulkadir Selvi yazıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan dekabrın 23-də Nazirlər Kabinetinin iclasından sonra Türkiyənin Suriyanın yeni administrasiyası ilə sıx əlaqə saxladığını və ona hər cür dəstək göstərəcəyini bəyan edib. O qeyd edib ki, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidanın Dəməşqə getmələrindən sonra Türkiyədən Suriyaya səfərlərin sayı artacaq.
Oxu.az