Dünya sürətlə səhralaşır: belə davam edərsə...1

Dünya sürətlə səhralaşır: belə davam edərsə...1 backend

Birləşmiş Millətlər Təşkilatının (BMT) Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının (UNCCD) Ər-Riyadda keçirilən sammitində səhralaşma və torpaq quruma prosesinin qlobal miqyasda artması ilə bağlı hesabat təqdim edilib. Hesabata görə, 2020-ci ilə qədər olan 30 il ərzində Yer kürəsinin 77,6 faizi əvvəlki dövrlərlə müqayisədə daha quru iqlim şəraiti ilə üzləşib.

QAZÍLER.AZ  Publika.az-a istinaden  xəbər verir ki, bu barədə UNCCD rəhbəri İbrahim Tiav bildirib. O, qeyd edib ki, dəyişikliklər “Yer kürəsində həyatı yenidən müəyyənləşdirir” və prosesin davam etməsi gələcəkdə daha geniş miqyaslı fəlakətlərə yol aça bilər. Quraqlıq şəraitində kənd təsərrüfatı məhsuldarlığının azalması, su ehtiyatlarına çıxışın məhdudlaşması və miqrasiya risklərinin artması xüsusi narahatlıq doğurur.

Hesabatda göstərilir ki, 2024-cü il tarixdə ən isti il kimi qeydə alınıb və əsrin sonuna qədər quraqlıqdan 5 milyard insanın təsirlənəcəyi gözlənilir. Bu tendensiya Cənubi Avropa, Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiyada daha çox nəzərə çarpır.

Sammitdə diqqət mərkəzində olan məsələlərdən biri də beynəlxalq maliyyə dəstəyinin təmin edilməsidir. Səudiyyə Ərəbistanı müxtəlif ölkələrdən və beynəlxalq maliyyə qurumlarından 2,15 milyard dollar vəsait ayırılacağını vəd edib. Ərəb Koordinasiya Qrupu isə 2030-cu ilə qədər deqradasiyaya uğramış torpaqlara qarşı mübarizə üçün 10 milyard dollar ayırmağı planlaşdırır.

UNCCD prezidenti İ.Tiav torpağın qurumasını “daimi uyğunlaşma tələb edən amansız təhlükə” kimi xarakterizə edib. Ekspertlər sudan daha səmərəli istifadə, meşəsalma layihələrinin genişləndirilməsi, daha az su tələb edən məhsulların əkilməsi və qabaqcıl monitorinq sistemlərinin qurulmasını əsas həll yolları kimi irəli sürürlər. Sammit iştirakçıları, xüsusilə də inkişaf etmiş ölkələr arasında səhralaşmaya qarşı mübarizə üçün məcburi beynəlxalq protokolun qəbul edilib-edilməməsi məsələsində fikir ayrılığı hökm sürür. Protokolun qəbul edilməsi inkişaf etmiş ölkələrdən maliyyə və texniki dəstək tələb edəcək.

Mütəxəssislərin fikrincə, səhralaşma iqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsi kimi problemlərlə eyni səviyyədə diqqət tələb edir. Bu məqsədlə beynəlxalq əməkdaşlıq və qətiyyətli fəaliyyət əsas şərtlər kimi göstərilir.

Diaspora