Rumıniya Baş naziri Viktor Pontanın istefası ölkədə siyasi yenilənmə baxımından bir fürsət kimi qiymətləndirilir. Axar.az xəbər verir ki, ekspertlər Buxarestdə baş verən son hadisələrin yaxşı heç nə vəd etmədiyi qənaətindədir. Jurnalist Vlad Mixiç DV-yə verdiyi açıqlamasında korrupsiyanın xərçəng kimi bütün cəmiyyətə yayıldığını deyib:
“Baş naziri Viktor Ponta paytaxt Buxarestdə 32 nəfərin öldüyü yanğından sonra xalqla mübarizə aparmaq niyyətində olmadığını açıqlayaraq istefa verdi. Lakin o, istefa verməkdə gecikib. Son illərdə Viktor Pontanın adı həmişə qalmaqallarda hallanıb. Bir çox kabinet üzvü haqqında vəzifəsindən sui-istifadə iddiası ilə cinayət işi açılmış və nazirlərdən bəziləri məhkum edilmişdi. Ponta da vəzifədən sui-istifadə etməkdə günahlandırılır. Onun bu qədər uzun müddət vəzifədə qalması belə təəccüblüdür. 2014-ci ildə keçirilən prezident seçkilərində milyonlarla rumın onun rəqibini dəstəkləsə də, istefa vermədi. İstefa verməsi üçün 32 adamın ölməsi və 25 min rumının küçələrə tökülüb əleyhinə nümayiş keçirməsi lazım idi?”
Sosial mediada davamlı olaraq sistemin dəyişməsini və erkən seçkilərin keçirilməsini tələb edən jurnalist 2016-cı il parlament seçkisinin heç nəyə təsir edə bilməyəcəyini bildirib:
“Feysbuk nəsli haqlı olaraq bütün siyasətçiləri tənqid edir. Çünki bütün partiyalarda vəzifəsindən sui-istifadə edən siyasətçilər var. Parlamentdəki səsvermələrdə xalqın tələbləri heç vaxt nəzərə alınmır. Siyasətçilər istəsələr də, istəməsələr də, xalqın istəklərini nəzərə almalıdırlar. Bu gün Avropa Birliyini yaxından tanıyan yeni nəsil yetişir. Parlament seçkilərində heç nə dəyişməyəcək. Son illərdə ictimai media vasitəsi ilə saysız etiraz nümayişi təşkil edildi. Bu insanlar ölkəni dəyişmək iqtidarında olduqlarını bilməsələr, küçələrə tökülməzlər. Cəmiyyət dəyişir. İslahatçı kütlələr baş nazirlərin, vəkillərin və bələdiyyə başçılarının korrupsiya ittihamı ilə mühakimə olunub həbsxanaya getdiklərini görür. Rumıniya tarixində ilk dəfə qanlı inqilab olmadan siyasətçilər mühakimə olunur”.