Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Avropa İttifaqının təmiz enerji məqsədlərinə uyğun olaraq və Bolqarıstanın iqlim öhdəliklərinə töhfə verərək, hətta aşağı konsentrasiyalarda belə təbii qazla qarışıq hidrogeni nəql etmək potensialına malikdir.
QAZÍLER.AZ bildirir ki, bunu Trend-ə özəl müsahibəsində ICGB-nin icraçı direktoru Teodora Georgiyeva deyib.
"İlkin tədqiqatlar kiçik həcmli hidrogenin təbii qazla qarışdırılmasının mümkünlüyünü təsdiqləyir. Bununla belə, daha böyük həcmlərin daşınması infrastrukturun modernləşdirilməsinə əlavə məqsədyönlü investisiyalar tələb edəcəkdir", - deyə o bildirib.
T.Georgiyevanın sözlərinə görə, ICGB hazırda regionda bu cür xidmətlərə ciddi tələbatın olub-olmadığını anlamaq üçün hidrogen daşınması xidmətlərinə bazar marağını öyrənir:
"Bu qiymətləndirmə bizə gələcək layihələri Avropada transsərhəd hidrogen şəbəkəsi yaratmaq məqsədi daşıyan Avropa Hidrogen Onurğası təşəbbüsünə uyğunlaşdırmaqda kömək edəcək. Bolqarıstan və Yunanıstan artıq birgə hidrogen strategiyaları üzərində işləyir və öz şəbəkələrini inteqrasiya etməyi planlaşdırır, IGB infrastrukturu potensial olaraq transsərhəd hidrogen axınını dəstəkləyə bilər. Bu, regionun enerji dayanıqlığını gücləndirməklə yanaşı, Şərqi Avropada karbonsizləşmə prosesini də sürətləndirəcək. Biz bu prosesləri fəal şəkildə izləyirik və yeni tələblərə uyğunlaşmağa hazırıq".
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru Bolqarıstanı Cənub Qaz Dəhlizi ilə birləşdirir və Şaquli Qaz Dəhlizinin bir hissəsidir. Bu boru kəməri yeni, çoxşaxəli mənbələrdən təbii qaza çıxışı təmin etməklə regionda enerji əlaqəsini və təhlükəsizliyi gücləndirir. Hazırda boru kəmərinin ötürücülük qabiliyyəti ildə 3 milyard kubmetrdir və ildə 5 milyard kubmetrə qədər genişləndirilməsi mümkündür. İnterkonnektor Bolqarıstanın daxili təbii qaz istehlakının təxminən 70 faizini təmin edir.