Belarusda “beSloud” telekommunikasiya operatoru tərəfindən “4G” şəbəkəsi istifadəyə veriləcək. İKT.lent.az-ın “BELTA”ya istinadən xəbərinə görə, bu barədə jurnalistlərə ölkənin rabitə və informasiyalaşdırma naziri Sergey Popkov bildirib.
Nazirin sözlərinə görə, “LTE” şəbəkəsinin tətbiqi üzrə ilkin mərhələ bu ilin dekabrında paytaxt Minskdə həyata keçiriləcək.S.Popkov həmçinin dövlət məlumat emalı mərkəzinin istismara veriləcəyini açıqlayıb. Mərkəz hostinq və fərdi serverlərin yerləşdirilməsi xidmətlərini göstərəcək, eləcə də “bulud” servislərini işə salacaq.
Nazir həmçinin qeyd edib ki, ölkənin telekommunikasiya infrastrukturunun inkişafına 3,7 trilyon Belarus rublu (2010 milyon 900 min dollar) ayrılıb ki, bunun da 18 faizi büdcə vəsaitlərindən, qalanı operatorlar tərəfindən veriləcək.
“beCloud” infrastruktur operator funksiyasını (şəbəkənin qurulması) yerinə yetirəcək. Şəbəkənin istismarı ilə “MTS, “Velcom” və “life” operatorları məşğul olacaq. Bunun sayəsində operatorlar texnologiyanın tətbiqi üçün xərcləri 3 dəfə azalda biləcəklər. “beCloud” trafiki digər operatorlara yenidən satacaq.
Belarus Rabitə Nazirliyinin statistikasına görə, ölkədə genişzolaqlı internet istifadəçilərinin sayı 2,7 milyon təşkil edir. Ölkə əhalisinin ümumi sayı isə 2013-cü ilə olan məlumata görə, 9,5 milyon nəfərə bərabərdir.