Dünyanın ən populyar sosial şəbəkəsi olan “Facebook” 2015-ci ilin üçüncü kvartalına dair maliyyə hesabatını açıqlayıb. İKT.lent.az-ın xəbərinə görə, şirkətin rəhbəri Mark Zukerberq “Facebook”dakı səhifəsində rəqəmləri paylaşıb.
Şirkətin sentyabrın 30-da başa çatan üçüncü kvartalda məcmu gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 41% artaraq 4,5 milyard dollara çatıb. Məcmu gəlirin 896 milyon dolları (hər səhmə görə 0,57 $) xalis gəlirdir ki, bu da ötən dövrlə müqayisədə 11% çoxdur. Xatırladaq ki, “Facebook” 2014-cü ilin 3-cü kvartalında 3,2 milyard dollar məcmu gəlir və 806 milyard dollar xalis gəlir açıqlamışdı. Son rəqəmlər maliyyə bazarlarının gözləntilərini aşıb. Bazarlarda şirkətin 4,37 milyard $ gəlir və 817 milyon $ net gəlir açıqlayacağı proqnozlaşdırılmışdı.Mobil reklam gəlirləri ümumi reklam gəlirlərinin 78%-ni təşkil edib. Ötən ilin eyni dövründə isə bu, 66% idi.
Üçüncü kvartalda “Facebook”un aylıq aktiv istifadəçilərinin sayı keçən ilin müvafiq dövrünə nisbətən 14% artaraq 1 milyard 550 milyon nəfərə çatıb. Sosial şəbəkəyə gündəlik olaraq 1 milyarddan çox istifadəçi daxil olur. Bunların 894 milyonu öz səhifələrinə smartfon və tablet kimi mobil cihazlardan girir, istifadəçilər gündə 8 milyondan çox video izləyir.
M. Zukerberq şirkətin digər sosial media kanalları ilə bağlı rəqəmləri də paylaşıb. Belə ki, “Whatsapp”da aktiv istifadəçilərin sayı 900 milyon nəfərə, “İnstagram”da 400 milyon nəfərə, “Messenger”də 700 milyon nəfərə çatıb. “İnternet.org”un isə 15 milyondan çox abunəçisi var.