2020-ci ildə Belarusun 20-dən çox hərbi qulluqçusu və hüquq-mühafizə orqanlarının əməkdaşı qanunsuz əməllərinə görə rütbələrindən məhrum edilib.
Qaziler.az xəbər verir ki, “BelTA”nın yaydığı məlumata görə, müvafiq fərmanı ölkə prezidenti Aleksandr Lukaşenko imzalayıb.
“2020-ci ildə ictimai-siyasi vəziyyətin gərginləşdiyi dövrdə onlar hərbi qulluqçu statusu ilə bir araya sığmayan qanunsuz hərəkətlərə yol veriblər”, - deyə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Məlumatda digər təfərrüatlar verilməyib. Siyahıda 21 nəfərin olduğu məlum olub.
Qeyd edək ki, 2020-ci ildə Belarusda hökumət əleyhinə geniş etirazlar baş verib. Etirazlar təkcə kütləvi xarakter daşımayıb, həm də açıq-aydın başçıları olub. Etirazçıların üç əsas tələbi var idi: bütün siyasi məhbusların azad edilməsi, Lukaşenkonun istefası və yeni dövlət başçısının seçilməsi. Bir neçə həftəlik qarşıdurmadan sonra iğtişaşlar tədricən səngiyib.
QAZİLER.AZ