Suriya müxalifəti dəqiq aviazərbələr endirilməsi üçün Rusiyaya İŞİD-in koordinatlarını təqdim edib. APA TV-nin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin baş qərargahı Suriya müxalifəti ilə İŞİD-ə qarşı birgə mübarizə aparılacağını açıqlayıb. Bu arada son sutka ərzində Bəşər Əsəd əleyhdarları tərəfindən yerləri müəyyən edilən İŞİD terrorçularına qarşı ümumilikdə 24 aviazərbə endirilib.
"Rusiya Baş Qərargahı ilə Suriya müxalifəti arasında terrorçulara qarşı birgə əməliyyatların aparılması məsələsində mühüm razılıq əldə olunub. Bu anlaşma əsasən kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutur".
Bunu noyabrın 3-də keçirdiyi mətbuat konfransında Rusiya Silahlı Qüvvələrinin Baş Əməliyyat İdarəsinin rəisi Andrey Kartapolov deyib. Generalın sözlərinə görə, İŞİD mövqelərinə hava hücumları nəticəsində terrorçuların komanda məntəqəsi, silah anbarı və nəzarət etdikləri 10-dan artıq döyüş mövqeyi məhv edilib. Kartapolov Müdafiə Nazirliyi ilə müxalifətin fikirlərinin İŞİD tərəfdarlarına qarşı birgə koordinativ qrupların yaradılması məsələsində uzlaşdığını da açıqlayıb.
Qeyd edək ki, Suriya müxalifətinin İŞİD-ə qarşı mübarizə aparan qanadı ilə birgə əməkdaşlığın genişləndirilməsi, eləcə də onlara havadan dəstək verilməsi məsələləri Vladimir Putinlə Bəşər Əsəd arasında bir qədər əvvəl Moskvada keçirilən görüş zamanı da müzakirə mövzusuna çevrilmişdi.