Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi (DFJD) tərəfindən könüllü olaraq COP29-ın xarici mediada təbliğatına başlanılıb.
QAZÍLER.AZ AZƏRTAC-a istinaden bildirir ki, ilkin olaraq DFJD-nın sədri Fuad Hüseynzadənin Fransa, Mərakeş, Misir, Küveyt, Ukrayna, Pakistan, Özbəkistan, Seneqal və Mavritaniya KİV-lərində “Planetimizin gələcəyi Azərbaycanda müzakirə ediləcək” başlığı ilə məqaləsi dərc olunub.
Məqalədə qeyd olunur ki, noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 tədbiri Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir: “Planetimizin gələcəyi Azərbaycanda müzakirə ediləcək. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana ehtiramın və dəstəyin göstəricisidir: “Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir”.
Yazıda Azərbaycanda vətəndaş cəmiyyətinin də COP29-un təbliğat və tanıtımı naminə həmrəylik nümayiş etdirdiyi vurğulanıb: “Artıq 80 ölkədən 370-dən çox xarici QHT-ni sıralarında birləşdirən “COP29 QHT Koalisiyası” yaradılıb. Yerli QHT-lər xarici QHT-lərlə birgə COP29-la əlaqədar birgə layihə icra edir. Artıq COP29-a dünyanın bütün yerlərindən olan vətəndaş cəmiyyəti qurumları dəstək verir. Mütəmadi olaraq Azərbaycan və xarici ölkə QHT-lərinin iqlim dəyişmələrinə qarşı mübarizə mövzusunda görüşləri keçirilir. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi elan edib. Bu müsabiqənin qalibi olan QHT-lər hazırda COP29-la bağlı kreativ layihələr icra edirlər. Ayrıca Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən də COP29-la bağlı məlumatlandırma tədbirləri, infoturlar, marafonlar və s. keçirilir”.
Məqalədə müxtəlif ölkələrdə artıq COP29-la bağlı tədbirlərin keçirildiyi qeyd olunub: “Çox müsbət haldır ki, hər zaman olduğu kimi, dünya azərbaycanlıları da COP29-la bağlı təbliğat, təşviqat işlərinin görülməsinə öz töhfələrini verirlər. Bu fəaliyyət bir neçə istiqamətdə aparılır. Əlbəttə ki, öncəliklə burada tanıtım, təbliğat işləri görülür”.
Yazıda COP29-un yalnız Azərbaycan üçün deyil, dünya miqyasında əhəmiyyətli bir tədbir olduğu bildirilir: “Dünya azərbaycanlıları bu beynəlxalq tədbirin ölkənin iqlim dəyişikliyi ilə mübarizədəki rolunu vurğulamaqda və dünya ictimaiyyətini məlumatlandırmaqda aktivdir. Bu fəaliyyətlər, həmçinin soydaşlarımızın birliyini və ölkəyə bağlığını nümayiş etdirir”.