Livanın əmək naziri Mustafa Bayram ölkə əhalisinə qarşı sentyabr hücumlarını insanlığa, texnologiyaya, əməyə qarşı açıq müharibə adlandırıb və ölkəsinin Cenevrədə Beynəlxalq Əmək Təşkilatına şikayət etdiyini bildirib.
Qaziler.az bildirir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
“Bu, çox təhlükəli presedentdir. Bir neçə dəqiqə ərzində 4000-dən çox mülki şəxs yaralanıb”, - deyə Bayram bildirib. O, sağ qalan qurbanların barmaqlarını və görmə qabiliyyətini itirdiyini əlavə edib.
“Biz elə bir vəziyyətdəyik ki, gündəlik həyatda istifadə etdiyiniz adi əşyalar hər birimiz üçün təhlükəli və ölümcül olur. Bu cinayətin qarşısı alınmasa, adi hala çevrilə bilər. Mən bunu ölkəm və dünya qarşısında mənəvi borcum hesab edirəm”, - livanlı nazir əlavə edib.
Hücumlara görə məsuliyyəti İsrail rəsmi olaraq üzərinə götürməyib, lakin Bayram bildirib ki, beynəlxalq səviyyədə qəbul edilib ki, bu mənfur hərəkətin arxasında İsrail dayanır.
Qeyd edək ki, sentyabrda bütün Livanda peycerlər və telsizlər partladılıb. Hadisə zamanı onlarla insan həlak olub, yüzlərlə insan yaralanıb.
QAZİLER.AZ