İspaniyanın şərqindəki Valensiyada güclü yağış və daşqınlara səbəb olan fırtınadan sonra ən azı 92 nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə “X” hesabında bölgənin fövqəladə hallar xidməti məlumat yayıb.
Xidmət onu da əlavə edib ki, hazırda qurbanların şəxsiyyətinin müəyyən edilməsi prosesi davam edir.
***
19:47
İspaniyadakı daşqınlar nəticəsində ən azı 72 nəfər həyatını itirib.
APA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın regional hakimiyyət orqanları məlumat yayıb.
Bildirib ki, Valensiya şəhərində ən azı 70 nəfər həyatını itirib. Yerli hökumət vətəndaşlara evlərini tərk etməməyi və lazım olmadığı müddətcə səyahət etməməyi tövsiyə edib.
Kastiliya La Mança muxtar ərzisinin rəsmiləri isə daşqınlar nəticəsində iki nəfərin həyatını itirdiyini əlavə edib. Onların arasında 88 yaşlı qadın da olub.
İspaniyanın Baş Naziri Pedro Sançes daşqının təsir etdiyi ərazilərdəki vətəndaşlara qarşıdan gələn günlərdə daşqının güclənə biləcəyi ilə bağlı xəbərdarlıq edib. O, yerli hökumətin və müvafiq qurumların təbii fəlakət səbəbi ilə gücləndirilmiş iş rejiminə keçdiyini də vurğulayıb.
Qeyd edək ki, İspaniyanın şərqindəki Valensiya bölgəsində çərşənbə axşamından başlayan leysan yağışları daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində avtomobillərə, qatar relslərinə, evlərə və binalara ziyan dəyib.
Sinoptiklər gələcək fırtınalar barədə xəbərdarlıq ediblər.