Hindistan Xarici İşlər Nazirliyi ölkənin Kanadadakı səfiri Sancay Kumar Varmanı və bir neçə digər diplomatı təhlükəsizliklə bağlı narahatlıqlara görə geri çağırmaq qərarına gəlib.
Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin press-relizində deyilir.
“Ekstremizm və zorakılıq şəraitində Trüdo hökumətinin hərəkətləri diplomatların təhlükəsizliyini təhlükə altına qoyub. Hazırkı Kanada hökumətinin onların təhlükəsizliyinə sadiqliyinə inanmırıq. Buna görə də Hindistan hökuməti səfiri və digər təqib edilən diplomatları və rəsmiləri geri çağırmaq qərarına gəlib”, - qurumdan bildirilib.
Xatırladaq ki, daha əvvəl Hindistan XİN Kanadanın rəsmi Delhinin Ottavadakı səfirinin Kanadanın sinqh icmasının liderlərindən biri Hardip Sinqh Nicara qarşı sui-qəsddə iştirak etməsi ilə bağlı ittihamlarını rədd edib.
Qeyd olunur ki, Kanadanın Yeni Delhidəki səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb və ona Kanadada Hindistan səfirinin və digər diplomat və rəsmilərin əsassız təqib edilməsinin tamamilə qəbuledilməz olduğu çatdırılıb.
Həmçinin vurğulanıb ki, Hindistan Trüdo hökumətinin Hindistana qarşı ekstremizm, zorakılıq və separatizmi dəstəkləməsinə cavab olaraq əlavə addımlar atmaq hüququnu özündə saxlayır.
Xatırladaq ki, Ottava ilə Yeni Dehli arasındakı münasibətlər Kanadanın 2023-cü ilin sentyabrında Hindistan xüsusi xidmət oqranlarının Kanada ərazisində Nicarın qətlində iştirakı ilə bağlı fərziyyələrə görə Hindistanın yüksək səviyyəli diplomatlarından birini ölkədən çıxarmaq qərarına gəlməsindən sonra pisləşib.
Report.az