Con Kerrinin Özbəkistana qəfil səfəri: - Obama Putinə müqavimət göstərir

Con Kerrinin Özbəkistana qəfil səfəri: - Obama Putinə müqavimət göstərir backend

ABŞ dövlət katibi Con Kerri bazar günü Özbəkistana qəfil səfər edib. Virtualaz.org saytı “Reuters”ə istinadən xəbər verir ki, bu, ABŞ dövlət katibinin uzun illərdən bəri Özbəkistana ilk səfəridir.

Con Kerri Özbəkistan prezidenti, 77 yaşlı İslam Kərimovla qədim Səmərqənd şəhərinin ətrafındakı iqamətgahda danışıqlar aparıb. ABŞ dövlət katibini qarşılamaq üçün İslam Kərimov şəxsən özü aeroporta yollanıb.

Amerikanın “Atlantic Sentinel” saytı yazır ki, Con Kerrinin bu səfəri Birləşmiş Ştatların Orta Asiyadakı mövqelərini qoruyub saxlamaq üçün Özbəkistanla münasibətlərə nə dərəcədə strateji əhəmiyyət verdiyini göstərir.

İslam Kərimovun hakimiyyəti Qərbdə insan haqlarına və qəddar idarəçiliyə görə müntəzəm olaraq tənqid edilsə də Səmərqənddəki danışıqlarda Con Kerri bu məsələni qaldırmayıb. Çünki ABŞ Əfqanıstandakı hərbi iştirakını məhdudlaşdırandan sonra Mərkəzi Asiyada sabitlik baxımından Özbəkistanın rolunun artdığını başa düşür.

Bu səfəri həm də geniş mənada Rusiya-Qərb qarşıdurması kontekstində nəzərdən keçirmək lazımdır. Özbəkistan son vaxtlar Rusiyadan məsafə saxlamağa və Qərblə yaxınlaşmağa çalışır.

Kərimov 2012-ci ildə Özbəkistanın KTMT-dən çıxması haqda qərar verib və ABŞ-la yaxınlaşma xəttini tutub. Özbəkistan hələ də ABŞ-ın Əfqanıstandakı qoşunları üçün əsas təchizat dəhlizi olaraq qalır.

“Lakin Rusiya da Özbəkistanı öz orbitində saxlamağa çalışır. Ötən ilin dekabrında Vladimir Putin Daşkəndə səfər edib və Özbəkistanın Rusiyaya dövlət borcunun 890 milyon dollarlıq hissəsini silib. Rusiya narahatdır ki, əgər Özbəkistan Qərbin yanında yer alsa, regionun Türkmənistan və Azərbaycan kimi ölkələri də bu yolu seçə bilərlər”- deyə “American Sentinel” bildirir.
Diaspora