Məşhur göyçəli Türkiyə parlamentinə seçildi

Məşhur göyçəli Türkiyə parlamentinə seçildi backend

Türkiyədəki seçkilərdə Azərbaycanın ən çox maraqlandığı bölgələrdən biri İğdırdır. Azərbaycanlıların kompakt yaşadığı və Naxçıvanla sərhəd olan bu şəhər ölkəmiz üçün xüsusi önəm daşıyır. Təəssüf ki, artıq neçə dönəmdir ki, İğdır bələdiyyəsi PKK-nın kontrolundadır. İğdıra ayrılan iki millət vəkili postu da ötən seçkidə PKK-nın siyası uzantısı olan HDP-yə keçmişdi.

Belə ki, MHP lideri Baxçalı İğdır millət vəkili Sinan Oğanın üzərindən xətt çəkdikdən sonra iki Azərbaycan türkü (İsa Yaşar Tezel və Səfər Qaraqoyunlu) var gücləri ilə şəhər uğrunda mübarizə aparsalar da, CHP-nin səsləri bölməsi ilə 7 iyunda iki mandatı da HDP qazanmışdı. CHP-nin namizədi Adil Aşırım MHP-nin ən az bir millət vəkili kürsüsü almasının qarşısını kəsmişdi.

Bu dəfə isə partiya namizədlərin dəyişməməsini istəsə də, Baxçalı Yakub Kumtəpə və Muharrəm Çeçenə şans verdi. Nəticə isə fiasko oldu. 7 iyunda 26.68% səs alan MHP 1 noyabrda 12.58%-də qaldı.

Bu dəfə İğdırın Türkiyə Böyük Millət Məclisindəki iki yerinin birini AK Partiya xilas etdi. Belə ki, MHP-dən fərqli olaraq, bu dəfə İğdırdan güclü namizəd göstərən iqtidar partiyası Nurəddin Arasla HDP-ni bir mandatdan məhrum buraxdı.

İğdırda “əfsanə başqan” adlandırılan, 1999 -2009-cu illər arasında bələdiyyə başqanı olan Nurəddin Aras əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır. 1914-cü ildə erməni zülmündən İğdıra köçən Aras ailəsi hazırda şəhərin ən böyük ailələrindən biridir. İlk dəfə MHP-dən bələdiyyə başqanı olan N.Aras daha sonra AKP-yə transfer edib.

Milliyyətçi baxışları ilə seçilən və bölgədə Azərbaycan türklərinin əsas ağsaqqallarından sayılan Nurəddin Arasın millət vəkili seçilməsi ilə həm də bir göyçəli Türkiyə parlamentində təmsil olunacaq.

Əslən Azərbaycan türkü olan Nurəddin Arasın təşəbbüsü və dəstəyi ilə hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar Avropa ölkələrində beynəlxalq konfranslar keçirilir. Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı çıxan Nurəddin Aras İğdırın Azərbaycanla, xüsusilə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin genişlənməsində önəmli rol oynayıb. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Diaspora