Çin ABŞ-ın Cənubi Çin dənizində keçirdiyi əməliyyata cavab olaraq Hərbi Dəniz Qüvvələrinin təlimlərinə başlayıb. Təlimlər çərçivəsində havaya qırıcılar qaldırılıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, təlimlər çərçivəsində havaya qaldırılan raketlərlə silahlanmış bu qırıcı təyyarələrin fotoşəkilləri Çinin Hərbi Dəniz Qüvvələrinin rəsmi saytında yerləşdirilib.“South China Morning Post” qəzetinin fikrincə, Pekin bu fəaliyyəti ilə ABŞ-a qarşı məramlarının tam ciddi olduğunu nümayiş etdirməyə çalışır. Ekspertlər də hesab edirlər ki, Çinin atdığı addım ABŞ hərbi gəmilərinin Cənubi Çin Dənizində Pekinin özününkü saydığı mübahisəli adalar yaxınlığında peyda olmasına cavabdır.
Çinin Xarici İşlər Nazirliyinin məlumatına görə, “Lassen” esminesi Pekinin icazəsi olmadan ölkənin ərazi sularına girib. Nazırlik bu hadisəni Çinin suverenliyinin pozulması kimi qiymətləndirib.
Baş verən insident nəticəsində ABŞ və Çin arasında münasibətlər gərginləşib. ABŞ-ın hərəkətini təxribat adlandıran çinli admiral Şen Li “kiçik bir insidentin müharibəyə gətirib çıxara biləcəyini” deyib.