Noyabrın 2-də Oman Sultanlığının paytaxtı Məskat şəhərində İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı öz işinə başlayıb. Konfransda ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Omanın irs və mədəniyyət naziri Səyyid Haytam bin Tariq Əl Səid çıxış edərək İslam ölkələrini təmsil edən mədəniyyət nazirlərini qəbul etməkdən və bu tədbirə təşkilati dəstək verməkdən məmnunluqlarını ifadə edib.
İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri konfransda iştirak edən 40 ölkənin mədəniyyət nazirləri və nümayəndə heyətlərinə təşəkkürünü bildirib. Qeyd edib ki, İslam mədəniyyətinin inkişafı üçün məqsədyönlü siyasətin aparılması gündəmdədir və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsində mədəniyyət mühüm rol oynayır.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Əmin Mədəni çıxış edərək İslam ölkələri ilə sıx əməkdaşlıq edən beynəlxalq təşkilatların birləşərək terror hadisələri nəticəsində dağıdılan İslam irs və mədəniyyətinin nümunələrinin qorunmasına daha böyük güc sərf etmələrinin vacibliyini vurğulayıb. O, son zamanlar dünyada gedən islamafobiyadan və terror nəticəsində Avropaya axın edən qaçqınlara göstərilən münasibətdən narahatlığını ifadə edib.
Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də çıxışı gözlənilir.
İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı noyabrın 4-dək davam edəcək.