Türkiyədə noyabrın 1-də keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.
APA-nın Türkiyə bürosunun məlumatına görə, ölkə daxilində 54 milyon, xaricdə isə 3 milyon vətəndaşın səs verməyə haqqı olan seçkidə seçicilərin təxminən 84%-i iştirak edib. Səsvermənin rəsmi olmayan ilk nəticələrinə görə, Ədalət və İnkişaf Partiyası (AKP) legitim səslərin 49,4%-ni alaraq seçkidən birinci yerdə çıxıb.Bu reytinq AKP-nin məclisdə 316 mandat qazanmasına səbəb olub ki, heç bir ictimai rəy sorğusu şirkəti AKP-nin bu qədər səs ala biləcəyini əvvəlcədən təxmin etməyib. Seçkini 25,4% səslə ikinci yerdə tamamlayan Cümhuriyyət Xalq Partiyası (CHP) məclisdə 134 millət vəkili ilə təmsil edəcək. 7 iyundakı seçkidə də təxminən eyni dərəcədə səs almış CHP məclisdə 132 millət vəkili ilə təmsil edilirdi. 7 iyundakı seçki ilə müqayisədə 4% səs itirərək 12% səs alan Milliyyətçi Hərəkat Partiyası (MHP) məclisdə 41 kresloya sahib olacaq. 10%-lik ölkə baryerini xaricdən gələn səslərin hesabına 0.5% fərqlə keçə bilən kürd təmayüllü Halkların Demokratiya Partiyası (HDP) isə məclisə 59 millət vəkili ilə daxil olub. Bu nəticələrə görə, seçkinin qəti qalibi AKP, ən çox reytinq itirən siyasi qurumları isə MHP və HDP olublar. Faiz etibarı ilə HDP-dən daha yüksək reytinq alan MHP-nin daha az mandata sahib olması isə ölkənin seçki sistemindəki 10%-lik baryerdən irəli gəlib. Belə ki, ölkənin Cənubi-Şərq bölgələrindən daha çox səs alan HDP-nin reytinqi o bölgələrdən daha çox mandat qazanmasını şərtləndirsə də, MHP-nin İstanbul kimi böyük şəhərlərdə qazandığı reytinq bu partiyanın daha çox mandat qazanmasına kifayət etməyib. Seçkinin gedişini ana vətəni Konyada izləyən AKP lideri Əhməd Davudoğlu ilk qeyri-rəsmi nəticələrin açıqlanmasından sonra partiya üzvlərinə və tərəfdarlarına müraciət edərək onlara minnətdarlığını bildirib. 2019-cu ildəki seçkiyə qədər ölkəyə xidmətə davam edəcəklərini xatırladan AKP lideri Davudoğlu “İnşallah, Allah-tala axirətdə də sizlərlə qonşu olmağı mənə qismət edər”- deyə sözlərini bitirərək Konyadakı Mövlana muzeyini ziyarətə gedib.
Qeyd edək ki, Türkiyənin parlamentar sistemində hökumətin məclisdən etimad ala bilməsi üçün 276 millət vəkilinin dəstəyinə ehtiyac var. 1 noyabrdakı nəticələrə görə, AKP 5 aydan sonra 316 mandatla yenidən təkbaşına hökumət qura biləcəkdir. 7 iyundakı seçkidə 258 mandat qazanmış AKP-nin nə təkbaşına, nə də koalisiya hökuməti qurması mümkün olub. Seçkinin nəticələrinin elan edilməsindən sonra müxalifət partiyalarında ciddi çalxantıların olması gözlənilir.
***
Türkiyədə keçirilən erkən parlament seçkilərində Ədalət və İnkişaf Partiyası (AKP) növbəti qələbəsini qazanaraq təkbaşına hökumət formalaşdırmaq hüququ əldə edib.
APA-nın xəbərinə görə, səslərin 95%-i hesablandıqdan sonra AKP-nin 49,4% səs topladığı açıqlanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 25,2%, Milliyyətçi Hərəkat Partiyası (MHP) 12%, Xalqların Demokratiya Partiyası (HDP) isə 10,3% səs alıb.
Bu nəticə ilə AKP parlamentdə 310-dan çox yer əldə edib. Hökumət formalaşdırmaq üçün minimum 276 səs tələb olunur.
Xatırladaq ki, 7 iyun 2015-ci il seçkilərində AKP 40%, CHP 25%, MHP 16%, HDP isə 13% səs toplamışdı.