Almaniyanın Brandenburq əyalətində keçirilən seçkilər ölkənin siyasi həyatı üçün xüsusi əhəmiyyət kəsb edir

Almaniyanın Brandenburq əyalətində keçirilən seçkilər ölkənin siyasi həyatı üçün xüsusi əhəmiyyət kəsb edir backend

Sentyabrın 22-də Almaniyanın Brandenburq əyalət parlamentinə seçkilər keçirilir.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, seçkilərdə 14 siyasi partiya və ittifaq mübarizə aparır.

Bu seçkilər son bir ayda ölkənin siyasi həyatında baş verən mühüm yeniliklər fonunda böyük maraqla izlənilir. Seçkilərdə qələbə Kansler Olaf Şoltsun təmsil etdiyi Sosial Demokrat Partiyası (SPD) üçün xüsusən əhəmiyyətlidir. Partiya 1990-cı ildə Almaniyanın birləşməsindən sonrakı 34 il ərzində bu əyalətdə keçirilən bütün seçkilərdə qalib gəlib. Lakin sentyabrın 1-də Türingen və Saksoniya əyalətlərində keçirilən seçkilərdə böyük uğur qazanan ifrat sağ Almaniya üçün Alternativ (Alternative für Deutschland - AfD) partiyası SPD-nin əsas rəqibidir. Türingendə birinci (32 faiz), Saksoniyada ikinci (30 faiz) olan AfD Brandenburqdakı seçkilərdən bir neçə gün əvvəl keçirilən rəy sorğularının nəticələrinə əsasən SPD-ni geridə qoyaraq ilk sıradadır. Miqrantlara qarşı sərt mövqe nümayiş etdirən partiya respondentlərin 28 faizinin səsini alaraq SPD-ni 1 faiz geridə qoyur. Əsas müxalifət partiyalarından olan Xristian Demokrat İttifaqı (CDU) rəy sorğularının nəticələrinə əsasən 14 faizlə üçüncüdür.

Bu seçkilər hökumətin miqrasiya siyasətini sərt tənqid edən Fridrix Mertzi bir neçə gün əvvəl gələn il keçiriləcək federal seçkilərdə kansler vəzifəsinə namizəd elan edən Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı üçün də böyük əhəmiyyət kəsb edir.

F.Mertz seçki kampaniyasındakı çıxışında partiyasının milliyyətçi deyil, vətənpərvər olduğunu ifadə edib: "Öz yurdunu sevən vətənpərvərləri milliyyətçilərdən fərqləndirmək çox asandır: Biz öz vətənimizi sevirik. Milliyyətçilər isə bütün əcnəbilərə nifrət edirlər".

Yeni yaradılan Sahra Vagenknext İttifaqı (BSW) da seçici kütləsini sürətlə artırmaqdadır. Partiya rəy sorğularının nəticəsinə əsasən 13 faiz səslə dördüncüdür. Bu nəticə digər partiyaların AfD-nin antidemokratik mövqe sərgilədiyini əsas gətirərək onunla hər hansı əməkdaşlıqdan imtina etməsi fonunda BSW-nin Brandenburqda koalisiya barədə müzakirələrdə iştirak etməsi ehtimalını irəli sürməyə imkan verir.

Digər partiyalar isə 5 faizlik həddi keçə bilməyib.

Qeyd edək ki, 2,6 milyon əhalisi olan Brandenburq bu göstəriciyə görə Almaniyada 10-cu, ərazisinə görə isə 5-ci əyalətdir.

Diaspora