Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin “Rustavi-2” telekanalının Baş direktoru Nikoloz Qvaramiya ilə telefon danışığı sosial şəbəkələrdə yerləşdirilib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Telefon danışığı zamanı Saakaşvili Qvramiyadan kanalı müdafiə etməyini istəyib:
“İnqilab ssenarisi ilə işləyin. Siz gərək teleşirkətin hökumət tərəfindən tutulmasına müqavimət göstərəsiniz. Barrikadalar quraşdırın. Siz böyük barrikadalar düzəltməlisiniz. Artıq hazırlaşmağa başlamaq lazımdır. Sizi qoruyacaq döyüşçülər tapın”.Videonun yayılmasından sonra Gürcüstan mətbuatına açıqlama verən Mixail Saakaşvili bunun arxasında Rusiya kəşfiyyatının dayandığını bildirib:
“Rusiyanın xüsusi xidmət orqanları mütəmadi olaraq telefon danışıqlarını yazıb, məhz bu formada rus saytlarında yayırlar. Məni narahat edən başqa məsələdir. Bəzi liberallar mənə qarşı kompleksləri ucbatında hər şeydən imtina etməyə hazırdırlar. 2012-ci ildə də belə olmuşdu. Xoşbəxtlikdən bizim xalqımız kifayət qədər təcrübəlidir. Xalqımız ruslar və onların prezidenti tərəfindən hazırlanmış tələni artıq asanlıqla qəbul etmirlər. Əminəm ki, bütün şantajlara baxmayaraq, gürcü xalqı nəinki televiziyanın azadlığını, həm də dövlətin müstəqilliyini müdafiə edəcək. Mən 2012-ci ildə İvanişvilinin mütləq “Rustavi-2”-yə hücuma keçəcəyini proqnozlaşdırmışdım. Gürcüstan mütləq qalib gələcək!”
Qeyd edək ki, son günlər Gürcüstan hökuməti “Rustavi-2” telekanalına qarşı hücumları gücləndirib. Hökumət məhz bu kanalın bağlanması üçün bütün vasitələrdən istifadə etməyə çalışır.
Saakaşvilinin sosial şəbəkələrdə yayılmış telefon danışığını təqdim edirik: