Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin hökumət başçılarının toplantısı başlayıb. "Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
İclasda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.Məlumata görə, toplantıya Rusiyanın baş naziri Dmitri Medvedev də qatılıb.
Xəbərə görə, Ukraynanın Tacikistandakı səfiri Viktor Nikityuk da yığıncaqda itşirak edir.
Xatırladaq ki, MDB hökumət başçıları Şurasının iclasında 40 sənədə baxılması nəzərdə tutulub.
Toplantının gündəliyinə daxil edilən hər dörd sənəddən biri iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə yönəlib.
İclasda MDB-nin 25 illiyinə həsr olunmuş "Tədbirlər planı"nın təsdiq olunması gözlənilir. Həmçinin MDB çərçivəsində əvvəllər qəbul olunmuş bir sıra beynəlxalq müqavilələrə onların aktuallaşdırılması məqsədi ilə dəyişikliklər ediləcək.