“Xəzər dənizindən Suriyaya raket atılması bizi narahat etdi”. APA TV-nin məlumatına görə, bu sözləri APA-nın Türkiyə müxbiri Mayis Əlizadənin suallarını cavablandırarkən prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 92-ci ili münasibətilə Ankarada keçirdiyi rəsmi qəbul zamanı bildirib ki, bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıb: “Bu məsələdən narahat olduğumuzu dedik. Bu axşam xarici işlər nazirləri Vyanada bir araya gəldilər. Orada toplantılar davam edir. Dar çərçivədə - ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə müzakirələri keçirilir. Bundan əlavə, 13 ölkənin iştirak edəcəyi geniş tərkibli yığıncaq təşkil olunacaq”.