"ABŞ-nin vitse-prezidenti Kamala Harris artıq faktiki olaraq ölkəni idarə edir, çünki Prezident Co Bayden nadir hallarda iş yerində görünür".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri amerikalı milyarder, "Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask deyib.
"Nəticədə, əgər Kamala böyük işlər görə bilirsə, o zaman niyə vitse-prezident postunda bunu etmədi? Bayden nadir hallarda işə gəlir, buna görə də o, mahiyyət etibarilə, artıq hər şeyi idarə edir", - deyə o, bildirib.
Mask həmçinin qeyd edib ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Harrisdən daha yaxşı tapşırıqların öhdəsindən gələ biləcəyinə inanır.
Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək. Demokrat Partiyasını Baydenin təmsil edəcəyi güman edilirdi. Lakin Respublikaçılar Partiyasının namizədi Trampla iyun teledebatında uğursuz çıxışından sonra Bayden partiya yoldaşlarının təzyiqi altında yarışı tərk etmək məcburiyyətində qalıb. O, avqust ayında Demokratlar Partiyasından prezidentliyə namizəd kimi təsdiq edilmiş Harrisin namizədliyini dəstəkləyib.
Harris hazırda ABŞ-nin vitse-prezidentidir.