Meksikada prezident Andres Manuel Lopez Obradorun təklif etdiyi məhkəmə islahatına etiraz edən nümayişçilər islahatla bağlı iclas zamanı Senat binasına daxil olublar.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, təhlükəsizlik qüvvələrini "aşaraq" Senatın binasına basqın edən yüzlərlə etirazçı əllərində Meksika bayraqları və məhkəmə islahatlarına qarşı plakatlar qaldırıblar.
Etirazçılar islahatın müzakirə edildiyi iclas zalına daxil olaraq şüarlar səsləndirib və senatorları islahatı qəbul etməməyə çağırıblar.
Meksikada hakimlər Obradorun təklif etdiyi məhkəmə islahatına cavab olaraq avqustun 22-də müddətsiz tətilə başlayıblar və "təcili" işlər istisna olmaqla, avqustun 21-dən ölkə üzrə məhkəmələrin qeyri-müəyyən müddətə dayandırıldığı elan edilib.
Hakimlərin tətilinin islahat ləğv edilənə və ya Konqres birgə qərar üçün məhkəmə sistemi ilə əlaqə saxlayana qədər davam edəcəyi bildirilib.
Prezident Obradorun təklif etdiyi məhkəmə islahatına hakimlərin ümumxalq səsverməsi yolu ilə seçilməsi və Konqres və məhkəmə sistemi tərəfindən namizədlərin irəli sürülməsi daxildir.
Analitiklər, hakimlər və beynəlxalq müşahidəçilər bunun məhkəmələri daha az təcrübəli və siyasi qərəzli hakimlərlə dolduracağından narahatdırlar.
QAZİLER.AZ