Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, Sudanda 16 aydan çox davam edən müharibə 20 mindən çox insanın ölümünə səbəb olub.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru bu məlumatları Sudanın Qırmızı dənizdəki Port Sudan şəhərində keçirilən mətbuat konfransında təqdim edib.
Onun sözlərinə görə, ölənlərin sayı daha çox ola bilər.
Tedros Sudana iki günlük səfərini başa vurarkən, "Sudan əsl böhrandan keçir" deyib. “Fövqəladə vəziyyətin miqyası, münaqişəni sona çatdırmaq üçün görülən qeyri-kafi tədbirlər şoka salır”, - o qeyd edib.
Sudanda ötən aprel ayında başlayan münaqişə dünyanın ən böyük məcburi köçkün böhranını yaradıb. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, döyüşlər başlayandan bəri 13 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. 2,3 milyondan çox insan qaçqın kimi qonşu ölkələrə üz tutub.