Rusiya Prezidenti Vladimir Putin Bakıda "Telegram"ın qurucusu Pavel Durovla görüşməyib.
Oxu.Az-ın məlumatına görə, bunu dövlət başçısının özü Şərq İqtisadi Forumunun plenar sessiyasında bildirib.
Putinin sözlərinə görə, Durovla şəxsi təması bir neçə il əvvəl biznes nümayəndələri ilə görüşlərdən birində olub.
"Mən Pavel Durovla bir dəfə Moskvada bir neçə il əvvəl görüşmüşəm. O, sadəcə öz biznesinin inkişaf planları haqqında danışırdı. Mən müntəzəm olaraq biznesmenlərlə görüşürəm və o, belə görüşlərdən birində iştirak edib. Bunun nə vaxt olduğunu xatırlamıram, bir neçə il əvvəl idi. O vaxtdan bəri görüşməmişik, heç vaxt əlaqə saxlamamışıq. Niyə Bakıda görüşməli olduğumuzu başa düşmürəm, hətta onun orada olduğunu bilmirdim. Bundan xəbərim yox idi", - deyə Putin bildirib.
Dövlət başçısı qeyd edib ki, Durovun istəyi olsaydı, onunla Moskvada görüşə bilərdi, çünki o, müntəzəm olaraq iri biznes nümayəndələri ilə görüşür.
"Biz biznesdən təcrid olunmuruq, ona görə də əgər onun mənimlə görüşmək istəyi olsaydı, Moskvada görüşə bilərdi, amma bu barədə də heç nə bilmirəm. Həmçinin, mən elə düşünürdüm ki, o, Moskvada yaşayır", - deyə prezident əlavə edib.